AZE | RUS | ENG |


Məhsullarını Amerika bazarına çıxarmağa hazırlaşan startapçı - Startap

Məhsullarını Amerika bazarına çıxarmağa hazırlaşan startapçı - Startap
Bəhruz İbrahimov: “Hansısa problemi görürəmsə, onun innovativ yolla həlli haqqında düşünürəm”

Startapçı olmağı bir mübarizə yolu adlandırır. Özünlə, ətrafınla mübarizə apararaq ideyanı reallaşdırmaq, ayaqda durmaq üçün mübarizə aparırsan. Sıfırdan başlayırsan, qarşına çıxacaq bütün çətinlikləri gözə alırsan. Bu çətinliklərlə dolu yol, onun üçün maraqlıdır və bu istiqamətdə fəaliyyət göstərir, daim yeni ideyalar ortaya qoymağa çalışır. Müsahibimiz "CaspiNet” şirkətinin təsisçisi və rəhbəri, startapçı Bəhruz İbrahimovdur.

- İndiyə qədər hansı startap layihələriniz olub?

- 2014-cü ildə "Buta CMS” layihəmiz olub. Bu layihənin mahiyyəti nədən ibarətdir? Bu gün hər kəs işlə əlaqəli bir veb-saytının olmasını istəyir. Amma hər kəs kod bilmir, bu işi reallaşdırmaq insanlara çətin idi. Biz kod biliyi olmayan şəxslərə veb-sayt hazırlamaq üçün onlayn imkan təklif etmişdik. Bəyənildi, ekspertizadan keçdi və İKT fondu tərəfindən 10 000 manat məbləğində qranta layiq görüldü, 6 ay müddətində icra edildi, Yüksək Texnologiyalar Parkında təqdim olundu və uğurla davam edir.

2012-2013-cü illərdə, hərbi xidmətdə olduğum zaman işlərim çox olurdu, qısa zamanda bir neçə yerdə olurdum. İstər-istəməz hardasa bir əşyamı unudurdum, tapmaq isə böyük problem idi. Sonra gördüm ki, bununla tək mən yox, çox adam üzləşir. İtkilərin tapılması ilə bağlı bir layihə ərsəyə gətirmək haqqında düşündüm. Bunun nəticəsində "e-Tap" itmiş və tapılmış əşyaların qeydiyyatı və ya axtarışı üçün yaradılmış online portal ərsəyə gəldi. Bu, itirilən və tapılan əşyalarla bağlı onlayn olaraq fəaliyyət göstərən tam əhatəli bir portaldır. Hansısa əşyanı itiribsənsə, yaxud nə isə tapıbsansa, bunun elanı üçün harasa getməyə ehtiyac yoxdur, telefonla həll etmək olur. Tutaq ki, "Elmlər akademiyası”  metrostansiyası tərəfdə qara pulqabı itiribsən, bununla bağlı sayta elan verirsən. Qara pulqabı tapılması ilə bağlı elan sayta daxil olanda, biz həmin adama mesaj göndəririk. Düzdür, qara pulqabını başqa adam da itirə bilər, yüz faiz deyə bir şey yoxdur, amma onun itirdiyi əşyadandırsa, məlumat göndərilir. Yerləşdirilən elanlar bizim "facebook” səhifəmizdə paylaşılır, 6 minə yaxın izləyicimiz var. Biz əşya saxlamırıq, vasitəçi portalıq, itirənlə tapanı əlaqələndirək. Hərçənd, bu layihə ilə bağlı ölkəmizdə yetəri qədər dəstək görə bilmədik, ancaq digər xarici investorlara çıxmağa çalışdıq. Layihə "World Summit Award  2015"-də Media & News( Media) kateqoriyası üzrə finala çıxdı. Bu ilin aprel ayında isə beynəlxalq İT yarışması olan "Golden bayt”ın regional finalını keçdik, Kiyevə dəvət aldıq. 200 layihə arasında birinci yerə layiq görüldü. Bu, bizim üçün çox böyük uğur, ölkədən kənarda ilk böyük qələbəmiz idi. Layihənin daha bir uğuru "Azercell”in Barama İnkubasiya Mərkəzinə daxil olması idi. Onlar bizi ofislə təmin etdilər. Bunun bizim üçün xeyri çox oldu. Layihəmiz Formula1 2016-2017-in rəsmi tərəfdaşı olaraq yarışlar zamanı itirilən və tapılan əşyaların qeydiyyat sistemi kimi fəaliyyət göstərmiş və təkcə 2016-cı ildə 3 gün ərzində edilən 52 müraciətdən 43%-lik nəticə əldə edilmişdi. Eyni zamanda, layihəmiz özəl taksi xidmətləri, Bakı metropoliteni ilə rəsmi müqavilə əsasında, e-Tap.az layihəsi çərçivəsində sıx əməkdaşlıq edir. Əsas hədəfimiz daha böyük izləyici kütləsi toplamaqdır. Bu zaman itirilənləri daha asan tapmaq olar. Biz bu layihəni beynəlxalq mühitdə də tətbiq etmək istəyirik. Bir aydır ki, Amerikaya köçmüşəm. Bəzi işlərlə əlaqədar ölkəyə gəlmişəm. Bu və digər startap layihələrimizi orda davam etdirmək niyyətindəyik.
 
 

- Startapların ideyası adətən, özünüz nəyəsə ehtiyac hiss edəndə yaranır? 

- Startap innovativ metodla problemin həlli deməkdir. Mən hansısa problemi görürəmsə, onun innovativ yolla həlli haqqında düşünürəm. Əgər nəsə metod olursa, bunu startap edirəm. Məsələn, Amerikada heç kim gedib dayanacaqda avtobus gözləmir. Bu da bir startapın nəticəsində olub. Telefona proqram yükləyirlər və dayanacaqda uzun müddət gözləməyə ehtiyac qalmır. Avtobslar GPS-lə məlumatı mərkəzə ötürür, nəqliyyatın dayanacaqda hansı dəqiqədə olacağı artıq insanların cibindədir. Startaplarda ideya işin maksimum 5 faizi ola bilər. Onu reallaşdırmaq və təqdim etmək daha böyük hissəsidir. Məsələn, biri yer kürəsində sıxlığı azaltmaq üçün Marsda yaşayış təklif edə bilər, amma reallaşdırması məsələsi var. Reallaşdırmaqdan ötrü komandaya ehtiyacın var, komandanı bir arada tutmaq bacarığın olmalıdır.
 
 

- Bizdə startapların elə böyük maliyyəsi olmur. Dostların köməyindən yararlanmaq burada effektli ola bilərmi?

- Əksər vaxtlar, xüsusilə bizim bazarda startaplar sıfır maliyyə ilə başlanılır. Bizim bazarda investorların startaplara marağı çox olmadığına görə, öz xərclərini özləri qarşılamaq məcburiyyətindədirlər. İnvestor olmaq istəyənlər isə çox şərtlər irəli sürürlər. Çünki onlar həmin ideyaya startap yox, biznes kimi baxırlar. Onları maraqlandıran ən əsas sual gəlirlə bağlıdır. Əslində müəyyən mənada, investorları da başa düşmək olar. Amma digər ölkələrin təcrübəsinə baxanda bir az fərqli təcrübə var. "Mələk investorlar” qarşılıq gözləmədən dəstək olurlar. O dəstəklərə bizdə ehtiyac var. Düzdür, ölkə başçısının tapşırığına əsasən İKT fondu yaradıldı, qrantlar ayrılmağa başlanıldı, müvafiq ekspertizanı keçənlərə müəyyən maliyyə ayrılır. Bizim uğurlarımızdan biridir ki, o müsabiqənin ilk qaliblərindən olduq. Amma startapçıların əksəriyyətinin ilkin mərhələdə tam bir şirkət olaraq mövcud olmamağı, onlara ideyanı biznes plan halına salmaq, bazar araşdırması, düzgün maliyyə planlaması etmələrinə mane olan əsas səbəblərdəndir. Bu baxımdan, fikrimcə, dövlətin startaplara etdiyi dəstək yalnız qrant və güzəştli kreditlərlə yekunlaşmamalı, eyni zamanda startapçıların ekspertlərə və mentorlara daha asan çıxmasını təmin edən bir mexanizm formasında olmalıdır ki, ideyaları olan şəxslər bunu yalnız yerli investorlara deyil, eyni zamanda xarici investorlara təqdim edə biləcək formada layihə planları hazırlansın. Dostların köməyinə gəlincə... İlk olaraq yoldaşlar startaplarda bir-birinə dəstək göstərməyə çalışırlar. Bu günə qədər bizə təmənnasız dəstək olan dostlarımız var. Amma nəzərə alsaq ki, bizə dəstək ola biləcək bütün dost-tanışlar digər işlərdə və ya öz biznesləri ilə məşğuldurlar, vaxt olaraq işləri daha sürətlə görməkdən ötrü dayanıqlı komandaya ehtiyac vardır. Bizim layihə komandası 2014-cü ildən indiyə qədər tam olaraq iki dəfə dəyişib. Gəlir olmayanda bəzən uzaqlaşmağa məcbur olurlar, yaxud stressə, çətinliyə dayana bilmirlər və bu da anlaşılandır.  Çünki öz sahəndə cığır açmaq üçün qarşına çıxa biləcək bütün çətinlikləri gözə almalısan və eyni zamanda, hər kəsin şəxsi ehtiyacları və məsuliyyətləri vardır. Bu baxımdan fikrimcə, belə olmağı normal haldır. Əksinə, daha uzun müddətdə komanda üzvlərini dəqiq tanıyır, onlarla hansı yola çıxa bələcəyini təmin edə bilirsən. Qeyd etdiyim kimi "e-Tap” startapı "CaspiNet” şirkətinin bir məhsuludur. Şirkət İT həllərlə məşğuldur. Veb saytların hazırlanması, hostinq, şəbəkə təhlükəsizliyi... Mən özüm "AzEduNet” şirkətində (təhsil şəbəkəsi) şəbəkə təhlükəsizliyi mühəndisi kimi çalışıram. 2016-cı ilə kimi əldə etdiyim bütün gəliri startapa yatırmışam. 2016-cı ilə qədər şirkətə 18 min manat pul xərcləmişdim, amma gəlirimiz yox idi. Çox adam bunun mənasız olduğunu dedi, komandadan uzaqlaşanlar az olmadı. Amma mən dayanmadım, həll olunacağına inanırdım. Devalvasiyadan sonra bizim işimizdə dirçəliş oldu. Devalvasiyanın xırda bizneslər üçün üstünlüyü ondan ibarət oldu ki, daha rəqabətli mühit yarandı. Əvvəllər şirkətlər bütün işlərə daha çox maliyyə ayıra bilirdilər, lakin sonra qənaət üçün digər variantları da axtardılar, bu da şirkət olaraq bizim üçün yaxşı oldu. O xərclədiyimi də götürdüm, əlavə də qazanmağa başladım.
 
 

- Qeyd etdiniz ki, Amerikaya köçübsünüz. Bəs şirkətin fəaliyyəti necə olacaq? 

- Mənim ixtisasım informasiya texnologiyaları və sistemləridir. "CaspiNet” Azərbaycanda təsis olunub, burda da fəaliyyətini davam etdirir. Amerikada isə şirkətin təmsilçiliyi olacaq. Bu kimi fəaliyyətimizin bir qolu da orda olacaq. Biz öz məhsullarımızı Amerika bazarına da çıxaracağıq.

- Amerika bazarına daxil olmaq asan deyil...

- Bəli, Amerika bazarına daxil olmaq çətindir. 2013-cü ildə burda sıfırdan başladığımız kimi, indi də orda lap əvvəldən başlayacağıq. İstənilən halda bura doğulduğum, əlaqələrim olan ölkədir. Amerikada ingilis dilini bilmək belə yetərli deyil. Burda insanlarla necə münasibət qurmağı, hansı zarafatları etməyi bilirsən, orda hamısı yaddır, onlara uyğunlaşmaq üçün zaman lazımdır. Biz orda sıfırdan başlayırıq.
 
 

- Amma Amerika bazarında sizin xidmətləri tətbiq edən şirkətlər çoxdur...

- Düzdür, Amerika bazarında burda bizim gördüyümüz işi tətbiq edən şirkət çoxdur. Amma bizim bir innovativ startapımız var ki, o Amerika bazarında belə tətbiq olunmayıb. Bu "BonAdve” bir reklam platformasıdır. Bizim hədəfimiz bunu "Facebook” və "Youtube”a satmaqdır. Bu inanılmaz səslənə bilər, amma general olmaq istəməyən əsgər əsgər deyil. Bu, bizim əsas hədəfimizdir. Bu layihənin mahiyyəti ondan ibarətdir ki, reklamlardan həm şirkətlər qazansın, həm də izləyicilər. Çünki bu gün sosial şəbəkələrdə təqdim olunan reklamlara baxmağa izləyici maraqlı deyil. Əgər müəyyən gəlir qazanmaq imkanı olarsa, izləyici artıq maraqlı olacaq.

- Bəs burda investorların maraq göstərmədiyi, əhəmiyyətsiz yanaşdıqları ideyanın orda uğur qazanması mümkündür?

- Əlbəttə. "BonAdve” layihəsini "İdeya qazandı” verilişində də təqdim etmişdik. Amma investorlar söhbətin nədən getdiyini başa düşmədilər. Halbuki, biz layihənin ilkin versiyasını Cənubi Koreyaya göndərdik və müsbət cavab aldıq, bildirdilər ki, detalları müzakirəyə açığıq. Bəzən bizim investorların innovativ bilgiləri yetərli olmur. Yaxud da, bilgiləri olan gözəl mentorlarımız var, dəstək olmaq istəyirlər, amma investisiya imkanları o qədər deyil.
 
- Planlarınız nələrdir? Amerikada davamlı qalmaq istəyirsiniz?

- Əlbəttə, Azərbaycandan tamamilə ayrılmaq fikrində deyiləm. Mən burada doğulub boya-başa çatmışam. Orta məktəbi, bakalavr və magistr dərəcələrini, həqiqi hərbi xidmətimi burada etmişəm. 2009-cu ildən bu ölkədə sahibkar və dövlət müəssisəsinin əməkdaşı kimi vergi ödəyicisiyəm. Burada mənim ailəm və dostlarım var. Bütün sadaladıqlarımdan əlavə, bura mənim vətənimdir. Ana yurdu unutmaq isə naxələflik olardı. Razıyam, orda imkanlar daha çoxdur. Amma orda əldə etdiyimiz uğurları burda tətbiq etməklə, doğma ölkəmizdə də daha savadlı və düşünən cəmiyyətin qurulmasına öz töhfəmizi verə bilərik.

Aygün Asimqızı
 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001